Görünə-görünə görünməz oldum,
Dilim üsyan etdi lal, dinməz oldum.
Ürəyim məzarlıq, mən künbəz oldum,
Gəl ziyarət elə a yoldan ötən.
Demirəm ki, dönüb müqəddəs oldum,
Hamıya çatmayan bir ün, səs oldum.
Haraya çevrildim, döndüm "sos" oldum,
Gəl ziyarət elə, a yoldan ötən.
Mən elə pünhanam başdan, binadan,
Niyə doğulmuşam, niyə anadan?
Elə küskünəm ki, elə dünyadan,
Gəl ziyarət elə a yoldan ötən.
Baş aça bilmirəm, sirr üstə sirrəm,
Yerə naməhrəməm, Göyə əsirəm.
Vulkanam-qorxuram birdən püskürrəm,
Gəl ziyarət elə a yoldan ötən.
Aləmi yandıran od, ocaq ollam,
Dəniz tufanında adacıq ollam.
Qorxuram "bermud" tək üçbucaq ollam,
Gəl ziyarət elə a yoldan ötən.
Bu idrak, bu dərkin ziyarətgahı,
Təfəkkürdən gələn anlamın ahı.
Xəzangül adlanan günü, sabahı,
Gəl ziyarət elə a yoldan ötən.
Xəzangül

